AQRO XƏBƏRLƏR

ÇİNDƏN GƏTİRİLƏN 20 MİN QUTU HİBRİD İPƏKQURDU SƏNAYE TOXUMLARININ KÜMÇÜLƏRƏ PAYLANMASINA BAŞLANILIB

 

Qax Damazlıq İpəkçilik Stansiyasında Çin Xalq Respublikasından aprelin 23-də ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) kümçülərə paylanması mərasimi keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və kümçülər iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən baramaçılığın inkişafı ilə bağlı mühüm Fərmanlar imzalanıb, qərarlar verilib və Dövlət Proqramı qəbul edilib: “Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər nəticəsində son illərdə bu sahə üzrə ciddi artım qeydə alınıb. 2016-cı ildə 74 ton, 2017-ci ildə 240 ton, 2018-ci ildə 514 ton yaş barama istehsal olunub. Cari ildə 800 ton yaş barama istehsalı planlaşdırılır. Bu il dövlət büdcəsi hesabına Çindən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib. Bu gündən etibarən ipək qurdları kümçülərə paylanılacaq. Bizim əsas məqsədimiz kümçülərə, bu sahədə çalışan fermerlərə kömək etməkdir. Biz bütün sahələrdə olduğu kimi kümçülərimizin yanında olmalıyıq. Bu il Azərbaycanda ilk dəfə olaraq 42 ipəkçi mütəxəssis mütəmadi olaraq ipəkqurdlarının bəslənməsi prosesi dövründə kümçülərə yardım edəcək, onlara məsləhət və tövsiyələr verəcək. Baramaçılıqda yeni texnologiya, yeni metodlar yarandığı üçün çinli mütəxəssislər də treninqlərdə iştirak edəcək”.

Tədbirdə çıxış edən Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev qeyd edib ki, hazırda kümdarların maarifləndirilməsinə böyük ehtiyac var. İcra başçısı bu il kümçülərin məlumatlandırılması prosesinə təcrübəli mütəxəssislərin cəlb olunmasının çox gözəl təşəbbüs olduğunu qeyd edib.

Daha sonra kümçülərlə baramaçılığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Qeyd edək ki, ölkəyə gətirilən toxumların 16875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub. 10 günlük inkubasiya dövrü başa çatdığından bu gündən etibarən əldə olunmuş ipək qurdlarının 38 rayonun 5000-ə yaxın kümçüsünə bölgü əsasında əvəzsiz olaraq paylanılmasına başlanılıb. Prosesin may ayının birinci on günlüyünə qədər başa çatdırılması nəzərdə tutulur.

Bu il Azərbaycanda ilk dəfə olaraq yüksək və keyfiyyətli məhsulun alınması üçün 42 ipəkçi mütəxəssislə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, mütəxəssislər mütəmadiolaraq ipəkqurdlarının bəslənməsi prosesi dövründə kümçülərə yardım edəcək, onlara məsləhət-informasiya xidməti göstərəcək, öz tövsiyələrini verəcək. Mütəxəssislər kümxanada temperatur, nəmlik rejiminin düzgün saxlanılması və ipəkqurdunun sarma prosesinin aktiv surətdə həyata keçirməsi prosesinə nəzarət edərək yüksək və keyfiyyətliməhsulun alınmasına şərait yaradacaq.

Təsərrüfatların mütəxəssis nəzarətindən kənar qalmaması və bu prosesin şəffafhəyata keçirilməsi məqsədilə qeydiyyat jurnalı hazırlanıb. Qeydiyyat jurnalında mütəxəssislərin baş çəkdikləri təsərrüfatlar barədə məlumatlar və tövsiyələr yer alacaq. Kümçülər isə öz növbəsində mütəxəssislərin təsərrüfatlarda olmasını öz imzaları ilə təsdiqləməlidir. Bu, ipəkçi mütəxəssislərin öz vəzifələrini layiqli yerinə yetirməsinə nəzarət məqsədi daşıyır. Eyni zamanda, ipəkçi mütəxəssislərin qeydləri Nazirlik tərəfindən təhlil olunacaq.

Qeyd edək ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Xatırladaq ki, bu ilin 16-23 aprel tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoruƏkrəm Fətəliyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısının  müavini Pərvin Mahmudova və “Azəripək” MMC-nin direktoru Nizami Qəribov Çin Xalq Respublikasında səfərdə olublar. Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən super elit, elit,hibrid ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi texniki bazası  ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçiriblər. Plana uyğun olaraq Çin Xalq Respublikasından 20 min  qutu yüksək keyfiyyətli, məhsuldarhibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb  və hava nəqliyyatı vasitəsi ilə aprelin 23-də ölkəmizə gətirilib.

Tarix : 08-05-19 08:59

Oxunma sayı: 25

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək