AQRO XƏBƏRLƏR

 

Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri də pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Labaratoriya və Sertifikatlaşdırma mərkəzinin Bioloyi Agentlərin istehsalı şöbəsi tətəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının ikinci nəslinə qarşı mübarizə tədbirləri aparılıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən pambıq əkinlərində aparılan müşahidələrə  əsasən pambıq  sovkasının ikinci nəslinin yumurtasına qarşı iki dəfə trixoqramma ilə Ağdam rayonunda 1400 hektar, Ağcabədi rayonunda 1600 hektar, Beyləqan rayonunda 2000 hektar, Tərtər rayonunda 380 hektar, İmişli rayonunda 1180 hektar, Sabirabad rayonunda 1700  hektar, Saatlı rayonunda 600 hektar, Biləsuvar rayonunda 1000  hektar, Cəlilabad rayonunda  116 hektar,  Zərdab rayonunda  1300 hektar, ümumilikdə 11276 hektar sahədə bioloji mübarizə tədbirləri  həyata keçirilmişdir. Həmcinin, Saatlı rayonunda qarğıdalı əkinlərində də pambıq sovkasının birinci və ikinci nəslinin yumurtalarına qarşı trixoqramma ilə mübarizə aparılmışdır. Səmərəlilik orta hesabla 57-60 % təşkil etmişdir.

Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Labaratoriya və Sertifikatlaşdırma mərkəzinin Bioloyi Agentlərin istehsalı şöbəsində çoxaldılır və tarlalara buraxılır. Buna görə də çoxaldıldığı laboratoriyanın temperatur və rütubət şəraiti təbiətdəkinə uyğunlaşdırılıb.       

Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur.

Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.

Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üç dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.

Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılması, məhsulun maya dəyərinin aşağı salınması, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.

© agro.gov.az

Tarix : 30-07-20 08:40

Oxunma sayı: 25

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək