AQRO XƏBƏRLƏR

 


Ölkədə balıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər, eləcə də Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində hər iki nazirliyin nümayəndələrinin, balıqçılıqla məşğul olan sahibkarların iştirakı ilə təsis yığıncağı keçirilib.

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın əsas məqsədi ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılığın inkişafı, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunmasına nail olmaqdır.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Şöbə müdiri əlavə edib ki,  Assosiasiyalar aqrar sahənin davamlı inkişafında mühüm rol oynaya və öz töhfələrini verə bilər. Araz İsmayılov yeni yaradılan Assosiasiyanın balıqçılıq sahəsində xidmətlərin, müasir texnika və avadanlıqlar ilə təminatın təşkili, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalının təşviqinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru və Nazirliyin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Mehman Axundov qeyd ediblər ki, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” balıqçılıq sahəsi ilə bağlı təkliflər hazırlaya və aidiyyati qurumlara göndərməklə bu sahənin inkişafına öz dəstəyini göstərə bilər. Qeyd olunub ki, Assosiasiya öz fəaliyyətini balıqçılıqla məşğul olanların bilik və bacarıqlarının artırılması, fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində quracaq.

Tədbirdə balıq istehsalı ilə məşğul olanlar çıxış edərək “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda 14 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. “Furqan Balıq” MMC-nin direktoru Zaur Salmanlı Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

Sonda Assosiasiyanın gələcək fəaliyyəti və balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

 

Tarix : 26-07-19 03:14

Oxunma sayı: 60

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək