AQRO XƏBƏRLƏR

 

 

İyunun 3-də Şəmkir, Cəlilabad və Şəki rayonlarında arıçılıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlimlər Şəmkir, Cəlilabad və Şəki rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat və idarə şəraitində aparılıb.

 “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təsərrüfat şəraitində Şəmkir rayonunun Qədim Qala kənd sakini, arıçı Firdovsi Əbülfət oğlu Şahbazovun 65 arı ailəsi saxlanılan təsərrüfatında təlim keçirilib.  Burada arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib.

“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda keçirilən təlim təsərrüfat şəraitində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən “Günəşli” Aqroparkında baş tutub. Təlimdə iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətindən və iqtisadi zərərindən danışılıb. Xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. 

Şəkidə “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim həm təsərrüfat şəraitində, həm də idarədə keçirilib. Fermerlərə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığını və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib.

Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.

Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.

Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

ARIÇILIQ VƏ HEYVANDARLIQLA MƏŞĞUL OLAN FERMERLƏRƏ TƏLİMLƏR KEÇİRİLİB
ARIÇILIQ VƏ HEYVANDARLIQLA MƏŞĞUL OLAN FERMERLƏRƏ TƏLİMLƏR KEÇİRİLİB
ARIÇILIQ VƏ HEYVANDARLIQLA MƏŞĞUL OLAN FERMERLƏRƏ TƏLİMLƏR KEÇİRİLİB
ARIÇILIQ VƏ HEYVANDARLIQLA MƏŞĞUL OLAN FERMERLƏRƏ TƏLİMLƏR KEÇİRİLİB

 

 

Tarix : 05-06-19 12:08

Oxunma sayı: 90

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək